Biznesmen Samvel Karapetyanın müdafiə tərəfi onun həbsi ilə bağlı məhkəmənin qərarından etiraz edərək kassasiya şikayəti verib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Karapetyanın vəkili Aram Vardevanyan öz feysbuk səhifəsində məlumat yayıb.
Bundan başqa, biznesmenin vəkilləri hakimlər Artak Karapetyan və Armen Danielyana qarşı intizam icraatının başlanması üçün ərizələr veriblər.
Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunaraq iki ay müddətinə həbs edilib. Bundan sonra onun biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və digər bölgələrdə “Pizza Taşir” MMC-nin bir sıra pitsa mağazaları bağlanıb. Bundan başqa, ölkə hakimiyyəti Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi prosesinin təşəbbüskarı olub.