Braziliya Federativ Respublikasının Belen şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Liderlər Sammitində iştirak edir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Braziliyanın Federativ Respublikasının xarici işlər naziri Mauro Vieyra Mavi Zonada Azərbaycan parlamentinin spikerini salamlayıb.
Sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib. Mərasimdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra digər ölkələrin prezidentləri və baş nazirləri çıxış ediblər.
COP30-da bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün bir araya gəliblər. Azərbaycanı bu tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan parlamenti spikerinin Sammitdə çıxışı nəzərdə tutulur.






















































