Şərqi Zəngəzur bölgəsinin Vətən müharibəsi şəhidləri haqqında kitab nəşr edilib

Publisist Hacı Nərimanoğlunun yeni nəşr edilmiş “Şəhidlər” kitabında 2020-ci il 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının 100-dən çox şəhidinin ömür, döyüş yolu fotoları ilə birlikdə “Şəhidlərimizi tanıyaq və tanıdaq” bölməsində əks olunub.

AZƏRTAC xəbər verir ki, kitabda həmçinin “Şəhid ailələrinə qayğı dövlətimizin siyasətində prioritetdir” başlıqlı “Ön söz”də dövlətimizin bu kateqoriyadan olan insanlara ardıcıl diqqət və qayğısı, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliiyevanın şəhid ailələri və qazilərlə çoxsaylı görüşlərinə dair məlumatlar, fotolar verilib.

Müəllifin “Şəhidlik – ən uca, müqəddəs məqamdır” adlı məqaləsi, ”Şəhidlər anısına, doğmalar acısına” silsiləsindən “Şəhid atam – qalibiyyət bayrağım”, “Doğmaların şeirlərində əbədiləşən Şəhid”, “Şəhid anasının ağıları”, “Şəhidim – ilk sevgim, son məhəbbətim” esseləri, “44 günlük Şərəf, Qürur, Zəfər Tariximiz”in rəsmi gündəliyi, “Bu Zəfər Sizindir, Şəhidlər!” və “Danışan fotolar…” foto-qalereyası da daxil edilib.

Torpaq, Vətən, Bayraq məhəbbəti, mərdik duyğuları, igidlik, şücaətləri ilə Qarabağ, Şərqi Zəngəzur ellərimizi yağı tapdağından xilas edib Azərbaycana qovuşduran Müzəffər Ordumuzun şəhid və qazilərinə, vətənimizin keşiyində məğrur dayanan əsgər və zabitlərimizə əbədi sevginin əksi olan kitabın nüsxələri Novruz bayramı günlərində nəşrdə adı keçən şəhidlərin ailələrinə, ali, orta məktəblərə, muzey, kitabxanalara, QHT və KİV-ə təqdim olunacaqdır.

“Şəhidlər” kitabı

“Füyuzat” nəşriyyatında rəngli formatda nəfis tərtibatda çıxan kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində nəşr edilib.

ƏvvəlkiMartın 17-də Azərbaycanda COVID-19 əleyhinə 16 min 552 doza vaksin vurulub
NövbətiAzərbaycanın BMT-yə üzv olmasının 30 illiyi Şuşada qeyd ediləcək