Səudiyyə Ərəbistanı jurnalistin konsulluqda öldürülməsini təsdiqləyib

Səudiyyə Ərəbistanı jurnalist Jamal Khashoggi-nin (Camal Qaşıqçı) bu ölkənin İstanbuldakı konsulluğunda ölməsini təsdiqləyib.

Bu barədə oktyabrın 20-də Reuters agentliyi Səudiyyə Ərəbistanının dövlət televiziyasına istinadla xəbər yayıb.

Səudiyyə prokurorluğunun yaydığı bəyanatda deyilir ki, jurnalist Qaşıqçı, konsulluqda onunla konsulluğun əməkdaşları arasında baş verən dava zamanı öldürülüb.

Məlumata görə, jurnalist, konsulluğun binasına daxil olduqdan sonra onunla konsulluğun əməkdaşları arasında mübahisə yaranıb və bundan sonra əlbəyaxa dava düşüb.

Faktla bağlı 18 Səudiyyə vətəndaşı həbs edilib.

Bundan başqa kralın varisi, şahzadə Muhammad bin Salmanın iki yüksək rütbəli müşaviri işdən kənarlaşdırılıb.

Onlardan biri məhkəmə məsələləri üzrə müşavir Saud al Qahtani, digəri isə kəşfiyyat xidməti rəhbərinin müavini, general-mayor Ahmad Asiri-dir.

Dövlət televiziyasının məlumatına görə, Səudiyyə krallığı jurnalistin öldürülməsindən dərin təəssüf bildirib.

Kral Salman həmçinin şahzadə, Muhammad bin Salman-ın rəhbərlik etdiyi nazirlər kabinetində dəyişikliklər aparılmasına göstəriş verib.

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının bu bəyanatını “ilk yaxşı adım” adlandırıb, amma qeyd edib ki, jurnalist Qaşıqçının başına gələnlər qəbuledilməzdir.

Dövlət televiziyasının məlumatına görə Kral Salman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon söhbəti aparıb.

Jurnalist Camal Kaşıkçı voktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Qaşıqçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O, “Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

ABŞ prezidenti Donald Tramp bəyan eləmişdi ki, əgər jurnalistin səfirlikdə öldürülməsi bəlli olsa Səudiyyə Ərəbistanını ağır cəza gözləyir.

Böyük Britaniya da bəyan edib ki, bu məsələyə görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Səudiyyə Ərəbistanı isə istənilən sanksiyaya cavab verəcəyini bildirib.