Şərqşünaslıq İnstitutunda akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunacaq

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfrans 2023-cü il martın 6-7-də Misir Ərəb Respublikası Milli Məclisinin Bint Bələd üzrə Qadınlar Cəmiyyəti, İraq Strateji Araşdırmalar Mərkəzi, Çin Xalq Respublikasının Hebey Universiteti, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu və Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun iştirakı ilə onlayn təşkil ediləcək.

Şərqşünaslıq İnstitutu beynəlxalq konfransa tezislərin qəbulunu elan edir. Tezislər gələn il yanvarın 20-dək qəbul olunur.

Konfrans tarix və ədəbiyyatda, elmdə, təhsildə, incəsənətdə, mədəniyyətdə və günümüzdə qadın, müasir dövrdə qadın problemləri mövzularını əhatə edir. Tezislər Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir.