“Şərq Bazarı” kompleksində KOBİA-nın daha bir dəstək mexanizmi fəaliyyətə başlayıb

“Şərq Bazarı” kompleksində KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində mikro və kiçik sahibkarların məhsullarının satıldığı mağaza fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, mağazada agentliyin təmin etdiyi dəstək çərçivəsində 10 mikro və kiçik sahibkarlıq subyektinin məhsullarının satışı həyata keçirilir. Burada qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri satılır.

İyunun 7-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış sahibkarlarla görüşüb, bizneslərinin inkişafı və dəstək mexanizmi ilə bağlı fikir mübadiləsi aparıblar. Sahibkarlar dövlət dəstəyi üçün təşəkkür ediblər.

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində Bakının digər ticarət obyektlərində də bu cür satış yerlərinin təşkili nəzərdə tutulur və hazırda bu sahədə sahibkarlardan daxil olan müraciətlər dəyərləndirilir.

KOBİA-nın satışa və bazarlara çıxışa dəstək mexanizmlərindən yararlanmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri elektron qaydada agentliyə müraciət edə bilərlər.

Qeyd edək ki, iyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bərpa və yenidənqurmadan sonra “Şərq Bazarı” kompleksinin açılışını edib.