Şəkidə 50-dən çox sahibkarın iştirakı ilə B2G Forum keçirilib

Şəki Şəhər İcra Hakimiyyəti və “Caspian Energy Club”un (CEC) birgə təşkilatçılığı ilə Şəki şəhərində B2G Forumu keçirilib. Forum çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov CEC-i təmsil edən şirkət rəhbərləri və nümayəndələri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a CEC-dən məlumat verilib.

B2G Forumuna iqtisadiyyatın fərqli sahələrini təmsil edən 50-dən çox sahibkar qatılıb.

Tədbirin açılışında çıxış edən CEC-in sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımızın maddi-mənəvi dəyərlərinin qorunub saxlanılmasına, mədəniyyətinin, tarixinin, adət-ənənələrinin, musiqisinin, mətbəxinin dünya miqyasında tanıdılmasına xüsusi qayğı ilə yanaşır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəkinin tarixi abidələrinin qorunub saxlanmasında, o cümlədən Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmasında rolu əvəzsizdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi ilə bağlı xoş xəbərini diqqətə çatdıran Telman Əliyev bu müjdəli tviter paylaşımının hər bir azərbaycanlının sevincinə sevinc qatdığını vurğulayıb.

“Ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Şəkidə də yerli və xarici investorlar üçün əlverişli biznes mühiti var. Şəki rayonunda aqroturizm, ekoturizm, kənd turizmi və müxtəlif turizm sahələri inkişaf edib. Bu gün iştirak edən sahibkarlar bu sahənin potensialın xüsusilə vurğulayır”, – deyən T.Əliyev Şəki şəhəri rəsmilərini və forum iştirakçılarını CEC-in gələcək regional fəaliyyəti və planları haqqında məlumatlandırıb.

Tehran Əliyev bu cür forumların və ikitərəfli görüşlərin mütəmadi olacağını vurğulayıb, sahibkarlar arasında təcrübə və fikir mübadiləsinin daimi olması üçün “Şəki Sahibkarlar Klubu”nun yaradılmasını təklif edib. Təşəbbüs Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən dəstəklənib və bu istiqamətdə lazımi tədbirlər görüləcəyi bildirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəki rayonunun kənd təsərrüfatı və turizm potensialından danışıb. Bildirib ki, Şəkidə iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla, 2 prioritet istiqamətdə aparılır. O vurğulayıb ki, rayona özəl investisiya layihələrinin cəlb olunması bu sahələrin daha da inkişafına təkan verir.

Şəkinin iqtisadi göstəriciləri barədə təqdimatla çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev hər il rayonda 66-68 min hektar sahədə taxıl əkildiyini və orta hesabla 200 min ton taxıl istehsal olunduğunu vurğulayıb. Həmçinin rayonun iqtisadi inkişafına təsir göstərən tütün istehsalına görə respublikada birinci yerdə qərarlaşdığını, 2022-ci ildə 1250 hektar ərazidə tütün əkildiyini, bol məhsul proqnozlaşdırıldığını, həmçinin üzümçülüyün, heyvandarlığın, arıçılığın və bağçılığın inkişafı istiqamətində mühüm işlər aparıldığını qeyd edib.

Daha sonra Elxan Usubov B2G Forumunun iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

Elxan Usubov CEC ailəsinə UNESCO-nun yaradıcı şəhərlər siyahısına daxil edilmiş Şəki şəhərinin loqosu üzərində əks olunmuş medal hədiyyə verib.

Telman Əliyev açıq və səmimi dialoqa görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova minnətdarlığını bildirib və CEC-in fəxri üzvü sertifikatını təqdim edib.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan CEC-in əsas məqsədi Azərbaycanda və CEC-in fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan CEC mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən CEC-in Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.