Şəhid Qoşqar Vəliyevin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Qoşqar Vəliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Kərimbəyli kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Vəliyev Qoşqar Nuruş oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlar zamanı Qoşqarın həyatından, Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Qoşqar Vəliyev 1989-cu il aprelin 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1996-2007-ci illərdə Füzuli rayonu şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Hələ yeniyetmə çağlarından hərbiyə marağı olan Qoşqar 2007-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi yollanıb. 2009-cu ilin aprel ayında həqiqi hərbi xidməti xüsusi fərqlənmə ilə başa vurub və 2010-cu ildən könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb.

Qoşqar Vəliyev 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində şücaəti ilə fərqlənib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində tankçı olaraq döyüşlərə qoşulub. Torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə fərqlənən Qoşqar Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğurunda xüsusi igidlik göstərib. 2020-ci ilin oktyabrında yaralanıb. Hospitala yerləşdirilsə də müalicəsi tam bitmədən döyüş meydanına qayıdıb. Vətən müharibəsi başa çatdıqdan sonra, noyabrın 23-də hərbi texnikanın aşması nəticəsində şəhidlik zirvəsinə yüksəlib.

O, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunub.

Qeyd edək ki, Qoşqar Vəliyev ailəli olub bir qız, bir oğlan övladı yadigar qalıb.