Şəhid Məzahir Göyüşovun xatirəsi doğum günündə yad edilib

Xocavənd rayonunun Tuğ kəndindən Vətən müharibəsi şəhidi Göyüşov Məzahir Niyaz oğlunun doğum günündə xatirəsi yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb. Bildirib ki, Vətən müharibəsində xocavəndlilər də fəal iştirak ediblər, onlardan 8 nəfəri döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonda Tuğ kənd tam orta məktəbinin şagirdləri Vətənə və şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər.