Şəhid general Polad Həşimovun və mayor Murad Məmmədovun xatirələri anılıb

Yanvarın 2-si Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun və Dövlət Sərhəd Xidmətinin şəhid zabiti, mayor Murad Məmmədovun doğum günüdür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Polad Həşimovun və Murad Məmmədovun xatirələri yad olunub.

Anım mərasimində əvvəlcə hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə Polad Həşimovun və Murad Məmmədovun ailə üzvləri, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, şəhidlərin döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Anım mərasimində şəhidlərin ailələrinə başsağlığı verilib, məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirəsi hörmət və ehtiramla anılıb. Şəhidlərimizin döyüş yoldaşları, yaxınları onlarla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, general-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birgə Sumqayıt şəhərinə köçən Polad Həşimov bu şəhərdəki 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib. Taqım komandirliyindən general-mayor ali hərbi rütbəsinədək yüksələn Polad Həşimov cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.

2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib.

Polad Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Şəhid mayor Murad Məmmədov 1986-cı il yanvarın 2-də Qərbi Azərbaycanda dünyaya göz açıb. Bakıdakı 278 nömrəli məktəbdə orta təhsilini müvəffəqiyyətlə başa vuran Murad atasının yolunu davam etdirərək hərbçi olmaq istəyib. Murad Məmmədov Vətən müharibəsində əks-həmlə əməliyyatının ilk iştirakçılarından olub. O, müharibədə ağır döyüş əməliyyatlarında fəal iştirak edib, düşmənin canlı qüvvə və texnikasının məhv olunmasında xüsusilə fərqlənib. M.Məmmədov nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 il qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalları ilə təltif edilib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin ötən il noyabrın 30-da təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu, o cümlədən mayor Murad Məmmədov həlak olub, iki hərbçi yaralanıb.