Səfirliyimiz Şuşa ilə bağlı bəyanatı Serbiya ictimaiyyətinə və diplomatik korpusa göndərib

Azərbaycanın Serbiyadakı səfirliyi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatını yayıb.

Türk.az AZƏRTAC-a istinadla xəbər verir ki, bəyanat Serbiyada akkreditə olunmuş diplomatik korpusa, Serbiya dövlət və hökumət rəsmilərinə və ziyalılarına göndərilib. Habelə sənəd səfirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrində də dərc olunub.

Bəyanatda deyilir ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal edilib. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. Habelə Azərbaycana məxsus çoxsaylı mədəni irs, abidələr, muzeylər dağıdılaraq talan edilib.

Habelə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır.