Rusiyada mədəndə qəza zamanı ölənlərin sayı 52 nəfərə çatıb

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində qəzadan sonra 35 şaxtaçının taleyi naməlum olaraq qalır.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan jurnalistlərə bildirib.

Son məlumatlara görə, mədəndə baş verən qəzada ölənlərin sayı 52 nəfərə çatıb.

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.