Rusiya XİN: Çexiya Moskva əleyhinə fəaliyyətinə görə böyük əvəz ödəyib

“Çexiya Moskvaya qarşı fəaliyyətinə görə böyük əvəz ödəyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu, Rusiya ilə ikitərəfli münasibətlərə, öz diplomatik xidmətinə zərbədir. Bu gün 20 çex diplomat Rusiyanı tərk etməlidir. Təəssüflər olsun ki, ailələri ilə birlikdə, çünki diplomatik praktikada belə qəbul olunub. Bu, bizim seçimimiz deyil, cavab tədbirləridir”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova onu da əlavə edib ki, ABŞ kimi, rəsmi Praqaya da diplomatik missiyaya personal üçün Rusiya vətəndaşlarından işə götürmək qadağan olunub: “Bu isə onlar üçün çox ciddi məsələdir”.

Qeyd edək ki, Çexiyanın Baş naziri Andrey Babiş aprelin 17-də bəyan edib ki, 2014-cü ildə Vrbetitsada hərbi anbarda partlayış baş verməsində Rusiya xüsusi xidmət orqanlarının əli olmasından şübhələnirlər. Baş nazirin birinci müavini, xarici işlər naziri Yan Hamaçek isə bildirib ki, 18 rusiyalı diplomat 48 saat ərzində ölkədən çıxarılacaq.

Rusiya buna cavab olaraq aprelin 18-də Çexiyanın 20 diplomatının ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.