Regionda ətraf mühitin mühafizəsinə həsr olunmuş tədbirlər davam edir

Regionlarda məişət tullantılarının toplanması və daşınması ciddi problemə çevirilib. “Demokratik İnkişafın Təşviqi” İctimai Birliyinin “Ətraf mühitin çirkləndirilməsi ilə mübarizədə bələdiyyə, QHT və sakinlərin birgə tədbirlərin keçrilməsi” layihəsi çərçivəsində keçirilən Dəyirmi Masada bu məsələ müzakirə olunub.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan layihə Şabran və Xaçmaz rayonlarında keçirlir.

Bu gün layihə çərçivəsində Xaçmaz rayonunda üçüncü Dəyirmi Masa keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müxtəlif sahələri təmsil edən tədbir  iştirakçıları ilə yanaşı rayon icra hakimiyyətinin, rayonda yerləşən bələdiyyələrin üzvləri də qatılıblar.

Tədbiri açan layihə rəhbəri Teymur Nəsirov layihə barədə qısa məlumat verib.

Bundan sonra layihənin eksperti Şaban Nəsirov çıxış edib. O, ekologiyanın, o cümlədən ətraf mühitin təmizliyinin qorunmasının bölgənin turizm potensialında tutduğu mövqedən danışıb. Qeyd edib ki, bu istiqamətdə dövlət qurumları ilə ictimai təşkilatların birgə fəaliyyət göstərməsi işin xeyrinədir. Belə ki, QHT-lər rayonlarda mövcud olan problemlərin dövlət qurumlarının, mətbuat nümayəndələrinin, ictimaiyyətin diqqətinə çatdırılmasında vasitəçi kimi iştirak edirlər.

Şaban Nəsirov rayonda olan bir sıra problemləri sadaladıqdan sonra onların müzakirəsi üçün sözü tədbirdə iştirak edən bələdiyyə sədrlərinə verib.

Bələdiyyə sədri Abışov Sadiq müəllim  deyib ki, ictimai məkanların çirklənməsində vacib faktorlardan biri də zibil qutuların az olmasıdır. Belə ki, gündəlik olaraq, təmizlik işləri görülür, yolətrafı məkanlarda otlar vaxtaşırı biçilir. Lakin zibil qutularının az olması sakinləri əllərindəki tullantıları yerə atmaq məcburiyyətində qoyur.

Həsənqala kənd bələdiyyə sədri Hacıyev Akif müəllim yaşıllaşdırma idarəsi ilə birlikdə kənd ərasində mütəmadi təmizlik işlərinin görüldüyünü deyib. Qeyd edib ki, kənd ərazisində xüsusi quyular qazılıb və tullantılar yığılaraq, həmin quyularda basdırılır və ya yandırılır.  O, təmizliyin qorunmasında maarifləndirmənin əhəmiyyətindən danışıb. Bildirib ki, mərkəz küçələrdə, dayanacaqlarda, məktəbin həyətində bununla bağlı plakatların vurulması məqsədəuyğun olardı.

Xaçmaz Rayon İcra Hakimiyyətinin  nümayəndəsi  Məsimova Yaqut xanım rayon ərazində 22 xalqın nümayəndəsinin meribanlıq şəraitində yaşadığını, bu baxımdan da burada müxtəlif festivalların təşkil olunduğunu qeyd edib.

Axıska Türklərinin  Xaçmaz rayonu üzrə sədri Zabitov Şahismayıl müəllim rayon ərazisində axıska türklərinə yaradılan şəraitdən danışıb. Qeyd edib ki, onlar da bələdiyyə, icra nümayəndələri ilə birlikdə ekologiyanın qorunması istiqamətində tədbirlərdə iştirak edirlər, ağacəkmə kampaniyalarına qatılırlar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin  nümayəndəsi  Məsimova Yaqut xanım həmçinin qlobal problem olan plastik qablarla çirklənmənin rayonda da aktual olduğunu deyib. İctimai birliklərin zibillərin çeşidlənməsi üçün zibil qablarının alınması ilə rayona dəstək ola biləcəyini qeyd edib.

Xaçmaz rayon Yalama bələdiyyəsinin sədri Nəbi İsgəndərov məişət tullantılarının daşınması üçün texnika çatışmazlığının ən ciddi problem olduğunu deyib. Əlavə edib ki, ölkənin şimal qapısının təmiz saxlanılması üçün bələdiyyə vətəndaşlardan pul yığmağa məcbur olur: “Zibil  qutularının alınması bizim üçün problem deyil. Amma əgər onlar daşınmasa, daha sonra üfünət iyindən ora yaxınlaşan olmayacaq. Bələdiyyələrin özlərinin texniki avadanlıq almağa imkanları çatmır”.

Mövzu istiqamətində müzakirələr çay süfrəsi arxasında davam edib.

Tədbirin sonunda layihə rəhbəri Teymur Nəsirov göstərdiyi dəstəyə görə Xaçmaz rayon İcra Hakimyyətinin başçısı Rzayev Elnur cənablarına və icra nümayəndəsi  Məsimova Yaqut xanıma öz təşəkkürünü bildirib.