Qubada kafenin kababçısı müştərini bıçaqlayıb

Quba rayonunda kafelərdən birində bıçaqlanma olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, kafenin kababçısı Bəhram Cəfərov müştərisi,  Quba şəhər sakini 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəmnin kababçı müştərini bıçaqlayıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan “Report”un yerli bürosuna verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmi-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

“Report”un yerli bürosu hadisənin  hansı səbəbdən baş verdiyini araşdırıb. Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hərkəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəmnində S.Hüseynov bıçaqlanıb.

Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.