Qırğızıstanla Türk Dövlətləri Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının (AŞ) sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırımla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələr arasında ticari-iqtisadi, nəqliyyat-loqistika, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da inkişafı məsələləri müzakirə edilib.

Sadır Japarov TDT-nin fəaliyyətinə yüksək qiymət verib, strateji tərəfdaşlar kimi Qırğızıstan və Türkiyə arasında çoxplanlı əməkdaşlığın daha da genişlənməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı B.Yıldırımdan təsis olunacaq Türk İnvestisiya Fondunun mənzil-qərargahının Bişkekdə yerləşməsinə yardımçı olmağı xahiş edib.

Binəli Yıldırım səmimi qəbula görə təşəkkürünü bildirib, TDT Ağsaqqallar Şurasının fəaliyyəti haqqında məlumat verib. O deyib ki, AŞ-nın növbəti iclasının bu ilin iyul ayında Qırğızıstanda keçirilməsi planlaşdırılır.

Görüşdə iclasla bağlı təşkilati məsələlər də müzakirə olunub.

Sadır Japarov Binəli Yıldırımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana salamlarını və xoş arzularını çatdırmağı xahiş edib.