Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş şəxs barədə həbs qətimkan tədbiri seçilib

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Bərdə Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Bərdə Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə Rauf Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonunun Kələntərli qəsəbəsi ərazisində yerləşən pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətini bərpa etdirmək üçün vətəndaşdan 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına kömək göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib. 2021-ci il fevralın 10-da Rauf Həsənov Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.