QHT – media münasibətlərinə dair maraqlı təkliflər

Demokratiyanın özəyini təşkil edən vətəndaş cəmiyyəti insanların azad, sərbəst yaşamaq, eləcə də dövlət orqanlarında qərarların qəbulunda, cəmiyyəti təhdid edən problemlərin həllində iştirak niyyətindən yaranmış güclü bir institutdur.

Vətəndaş təşəbbüslərinin reallaşması üçün ortaya çıxan qeyri-hökumət təşkilatları cəmiyyətimizin vacib bir komponentinə çevrilib. QHT-lər olmadan cəmiyyətin formalaşmasında ciddi uğura, dayanıqlı inkişafa nail olmaq və azad cəmiyyətə fayda vermək mümkünsüzdür. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı çətin görünür. Milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması, onun inkişaf etdirilməsi və bütün bunların gələcək nəsillərə ötürülməsi QHT-lərin vəzifələrindən biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-nin üzərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Xüsusən azərbaycançılıq ideologiyasının zamanın tələblərinə cavab verəcək səviyyədə QHT-lərin timsalında təbliğ olunması vacib məsələlərdən biridir.

Ölkədə demokratiyanın əsas göstəricilərindən biri hesab olunan QHT-lər dördüncü hakimiyyət qolu hesab olunan media ilə əməkdaşlıq etməklə qarşıya qoyduqları məqsədlərə daha asan çata bilərlər. Bu baxımdan hüquqi dövlətdə ortaq maraqlardan çıxış edən vətəndaş cəmiyyəti qurumları daha güclü olurlar.

QHT-Media münasibətlərinə dair fikirlərini öyrəndiyimiz “Cümhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov hesab edir ki, medianın milli və dövlətçilik maraqlarının təmin olunması istiqamətində fəaliyyət göstərən QHT-lərin işlərinə seyrici yanaşmaları yanlışdır: “Vətəndaş cəmiyyətinin bu iki subyekti arasında hər zaman məsafə olub. Bu məsafəni aradan qaldırmaq lazımdır. Biz media olaraq QHT-lərin fəaliyyətinə dəstək verməliyik. Biz bu məsələdə təkcə medianı günahkar saya bilmərik. Çünki indi sosial media, sosial şəbəkələr var. QHT-lərin imkanları var ki, öz ideyalarını sosial platformalar üzərindən yaysın. Media sosial şəbəkələrdə yayılan xəbərlərə daha operativ yanaşırlar. Elektron poçt vasitəsilə göndərilən press-relizlərlə medianın diqqətini cəlb etmək olmaz. QHT sədrləri elektron poçtlar vasitəsilə xəbər göndərəndən sonra media nümayəndəsinə zəng edib məlumatlandırır və ondan xahiş edir ki, məlumatı saytda, qəzetdə yerləşdirsin. Amma məlumat sosial şəbəkədə paylaşıldıqda redaktorlar, jurnalistlər onu görür, oxuyur. Vacib bilirlərsə, qəzetdə, saytda dərc edirlər. Jurnalist üçün mövzunun, layihənin maraqlılığı, aktuallığı çox önəmlidir. Əgən mən media rəhbəri olaraq mənə göndərilən məlumatın ictimai əhəmiyyətini görmürəmsə, onu verməyəcəm. Dost-tanış zəng etsə, verəcəm, zəng edib xahiş eləməsələr yox. Amma məlumat əhəmiyyətlidirsə, bunu xahişsiz də dərc edəcəm”.

R.Becanov bildirdi ki, QHT-lərin ictimai əlaqələr şöbəsi, media əlaqələndiricisi olmalıdır: “Amma biz də bilirik ki, QHT-lərin maddi durumu imkan vermir ki, onlar media-sosial şəbəkələrlə iş üzrə kadr postu saxlasınlar. Belə olan halda QHT sədri məcburdur ki, özü media ilə əməkdaşlıq qursun, jurnalistlərlə dostluq etsin və s. Nəzərə almaq lazımdır ki, media təkcə təbliğat, təşviqat vasitəsi deyil. O biznes qurumudur, onun maddi maraqları var. Əgər QHT peşəkar fəaliyyətlə məşğul olarsa, ortaya fundamental materiallar qoyarsa, media özü ona müraciət edəcək. Düşünürəm ki, qızıl ortanı tapmaq üçün QHT və media nümayəndələrinin görüşünü təşkil etmək lazımdır”.

“Ulduz” İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Samir Həsənov hesab edir ki, QHT-lərin layihə boyu ən çox ehtiyac duyduğu dəstək mətbuatdandır: “QHT lər həyata keçirdikləri layihələri mediada işıqlandırmaq problemi yaşayırlar. Bəzi medialar layihələri işıqlandırmır. Münasibətlərdə olan bu soyuqluq düşünürəm ki, maliyyə problemindən qaynaqlanır. QHT-lər layihələri mediada işıqlandırmaq üçün kifayət qədər maliyyə əldə etməli, həm də xərcləməlidirlər. Medialarda QHT-lərlə bağlı xüsusi bölmələr yaradılmalıdır. Həmin bölmədə QHT-lər, onların layihələri, bir sözlə vətəndaş cəmiyyətinin inkişafına xidmət edən yazılar dərc edilməlidir. Bir də layihələrin mediada işıqlandırılması üçün QHT-lərdən bir qədər az maliyyə vəsaiti tələb olunsa yaxşıdır. Digər problem media mənsublarının QHT tədbirlərinə gəlmək istəməmələrilə bağlıdır. Çünki redaksiyalar bu tədbirləri işıqlandırmağı vacib hesab etmir”.

S.Həsənova görə, QHT-media əlaqələrindəki problemləri aradan qaldırmaq üçün hər iki tərəfin nümayəndələrinin iştirakı ilə geniş toplantının keçirilməsinə ehtiyac var: “Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Problem varsa, onun aradanm qaldırılmasına ehtiyac var. Təbii ki, biz heç bir media orqanına israrla “mənim xəbərimi dərc elə” deyə bilmərik. Bizimlə söhbətlərində jurnalistlər bildirirlər ki, redaksiya rəhbərliyi QHT xəbərlərinin verilməsinə şifahi şəkildə qadağa qoyub. Əksər hallarda ödəniş tələb edirlər. Bizim də hər bir xəbər üçün mətbuat orqanlarına ödənişlər etməyə imkanımız yoxdur. Digər tərəfdən, bəzi mətbu orqanlar bir press-relizin dərci üçün o qədər böyük vəsait tələb edirlər ki, bu QHT layihəsindəki piar-xidmətçisinin bir aylıq xidmət haqqından çox olur. Nəzərə almaq lazımdır ki, bir layihə müddətində QHT mətbuatda 4-5 xəbər dərc etdirməli olur və onların hər biri azı 5 mətbu orqanda dərc edilməlidir. Düşünürəm ki, QHT-lərlə bağlı bu limit azaldılmalıdır”.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.