QHT-lər ağacəkmə kampaniyasında iştirak ediblər

Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə kampaniyasında iştirak ediblər.

“Report” xəbər verir ki, məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində hər iki qurumun rəhbərliyi, kollektivi və 300-ə yaxın QHT tərəfindən Müşviqabad qəsəbəsində minədək ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov bildirib ki, ağacəkmə kampaniyası çərçivəsində QHT üzvləri yaşıllıq ərazilərinin çoxalmasına öz töhfələrini verirlər: “Bu cür tədbirləri tez-tez təkrarlamalıyıq”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib ki, Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın QHT nümayəndəsinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib: “Müşfiqabad qəsəbəsində həyata keçirilən ağacəkmə aksiyasında 1000-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Layihənin keçirilməsində məqsəd ətraf mühitin qorunması və ekoloji tarazlığa töhfə verməkdir”.