Qazaxıstanda Türk Şurasının növbəti Sammitinə hazırlıqlar müzakirə edilib

Türk Şurasının baş katibi Bağdad Amreyev Qazaxıstanın Baş naziri Askar Maminlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Bağdad Amreyev Qazaxıstan hökumətinin pandemiya dövrünün son dərəcə çətin şərtlərini uğurla idarə etdiyini bildirib.

Türk Şurasının fəaliyyətinə davamlı dəstəyinə görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirən baş katib Qazaxıstanın Türk Şurasında ənənəvi olaraq fəal rolunu, yeni birgə tədbirlərin və layihələrin reallaşdırılmasına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

Baş nazir üzv ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat, investisiyalar, enerji və digər sahələrdə əməkdaşlığı inkişaf etdirərək əlaqələrin möhkəmləndirilməsində Türk Şuranın rolunu vurğulayıb.

Görüşdə Nursultan Nazarbayevin təklifi ilə təşkil ediləcək Türk Şurasının Türküstan Sammitinə hazırlıqlar müzakirə edilib.

Qeyd edək ki, Türk Şurasının növbəti Sammitinin mart ayının sonlarında Türküstanda keçirilməsi nəzərdə tutulub.