Qazaxıstanda keçirilmiş beynəlxalq turnirdə 12 boksçumuz yarımfinala yüksəlib

Qazaxıstanda boks üzrə keçirilən beynəlxalq turnirdə dörddəbir final mərhələsinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışda yığmamızın 12 üzvü yarımfinalda iştirak etmək hüququ qazanıb.

Boksçularımızdan Məsud Yusifzadə (54) dörddəbir final çərçivəsində yerli Kaysar Nurəlimbayla qarşılaşıb. Rəqibini məğlub edən idmançı növbəti döyüşündə kambocalı Sukti Novla üz-üzə gələcək.

Tayfur Əliyev (60 kq) dörddəbir finalda Ersendir Muradxanova (Qazaxıstan) qalib gəlib. Avropa Oyunlarının mükafatçısı finala gedən yolda digər qazaxıstanlı Ruslan Kuzembayevlə münasibətinə aydınlıq gətirəcək.

Malik Həsənov (63,5 kq) yarımfinala vəsiqə uğrunda Maqjan Alimov (Qazaxıstan) üzərində qələbə qazanıb. Növbəti mərhələdə idmançımız onun komanda yoldaşı Vasili Samçuku sınağa çəkəcək.

Nəbi İsgəndərov (67 kq) qırğızıstanlı Marlen Emilovu mübarizədən kənarlaşdırıb. Gəncə boksunun yetirməsi final üçün Abılay Smanla (Qazaxıstan) döyüşəcək.

Yığma üzvü Mirşərif Kazımzadənin (75 kq) də dörddəbir final döyüşü uğurlu alınıb. Sürağan Erjanı (Qazaxıstan) məğlub edən boksçu yarımfinalda onun komanda yoldaşı Beybaris Sıdınla üz-üzə gələcək.

Səksən kiloqram çəki dərəcəsində millinin lideri Murad Allahverdiyev də adını yarımfinala yazdırıb. O, dörddəbir finalda yerli Fanibet Samixan üzərində tam üstünlüklə qələbə qazanıb. M.Allahverdiyev növbəti qarşılaşmasında Erkebulan Ekimbayla (Qazaxıstan) görüşəcək.

Yarımfinalda iştirak hüququ qazanan idmançılar özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, digər boksçularımızdan Həsən Məlikov Usmonjon Merzoyevlə (Tacikistan), Tural Sarıyev (hər iksi 48 kq) Jenşi Ulpatovla (Qırğızıstan), Nicat Hüseynov (51 kq) Reyes Romero (Kuba) ilə, Məhəmməd Abdullayev (+92 kq) isə Məhəmməd Abroridinovla (Tacikistan) qarşılaşacaq.

Yetmiş bir çəki dərəcəsində isə təmsilçimiz Rəşid Həsənov isə Sərxan Əliyevlə qüvvəsini sınayacaq.