Qazaxıstan və Türkmənistan ticarət evləri açmağı planlaşdırır

Qazaxıstan Türkmənistanla hər iki ölkədə ticarət evlərinin yaradılmasına dair saziş layihəsini ictimai müzakirəyə çıxarıb.

AZƏRTAC Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, saziş layihəsi “Açıq NPA” (normativ hüquqi aktlar) internet portalında yerləşdirilib.

Layihə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının daha da inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı fayda və tərəfdaşlıq prinsipləri əsasında ticarət dövriyyəsinin artımına şərait yaratmaq məqsədilə hazırlanıb.

Saziş Qazaxıstan və Türkmənistanın biznes cəmiyyətləri arasında qarşılıqlı əməkdaşlıq üçün əlverişli şəraitin formalaşdırılmasına və iqtisadi fəallığın stimullaşdırılmasına yönəlib.

Layihəyə əsasən, hər iki dövlətin ərazisində ticarət evlərinin təsis edilməsi planlaşdırılır. Bu müəssisələr milli məhsul və xidmətlərin təşviqi, sərgilərin və marketinq tədbirlərinin keçirilməsi, həmçinin iki ölkə sahibkarları arasında təcrübə mübadiləsi üçün platforma rolunu oynayacaq.

Layihədə, həmçinin nəzərdə tutulur ki, Qazaxıstan və Türkmənistan hökumətləri ticarət evlərinin qeydiyyatına, onlara məkanların ayrılmasına, logistika infrastrukturunun inkişafına və müəssisələrin səmərəli fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına dəstək göstərəcək.

ƏvvəlkiQazaxıstan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 1,4 milyard dollara çatıb