Cari ilin səkkiz ayı ərzində Qazaxıstan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 21 faiz artaraq 1,4 milyard ABŞ dollarına çatıb.
AZƏRTAC Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya mənbəyinə istinadla xəbər verir ki, bu barədə Astana şəhərində keçirilən Qazaxıstan–Qırğızıstan Hökumətlərarası Şuranın 13-cü iclasında məlumat verilib.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi potensialını müzakirə ediblər. Gündəlikdə ticarət, sənaye kooperasiyası, investisiyalar, energetika, su təsərrüfatı, aqrar-sənaye kompleksi (ASK), nəqliyyat və logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri yer alıb.
Artım xüsusilə aqrar-sənaye kompleksi sahəsində müşahidə olunub. Cari ilin səkkiz ayında kənd təsərrüfatı məhsulları üzrə ticarət həcmi 42 faiz artaraq 326 milyon dollara çatıb və bu məbləğin 80 faizindən çoxu Qazaxıstandan ixrac olunan məhsulların payına düşüb.
Qazaxıstan və Qırğızıstan hökumətləri əməkdaşlığın bütün əsas istiqamətləri üzrə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə sadiq olduqlarını təsdiqləyib.






















































