Qazax rayonunun mərkəzi bazarında yanğın baş verib

Fevralın 28-i axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin 112 – qaynar telefon xəttinə Qazax şəhərinin mərkəzi bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın yerinə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının geyim mağazalarında baş verdiyi və obyektlərin bir-birinə bitişik olması səbəbindən digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyənləşib. Əməliyyat şəraitinə uyğun olaraq, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın geniş əraziyə yayılmasına imkan verilməyərək qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mərkəzi bazar ərazisində sahələri müvafiq olaraq 72 və 20 kvadratmetr olan iki geyim mağazası yanıb. Bazarın böyük hissəsi, o cümlədən bitişik mağazalar yanğından mühafizə olunub.