Qarsda Azərbaycan Türkcəsi və Ədəbiyyatı ixtisasının 20 illik yubileyi qeyd olunub

Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetində Müasir Türk Ləhcələri və Ədəbiyyatı bölməsinin Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisasının 20 illik yubileyinə həsr olunan elmi simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Qarabağ zəfərinin beşinci ildönümü və Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təşkil olunan tədbir Qafqaz Universitetinin təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Qarsdakı baş konsulluğunun dəstəyi ilə baş tutub.

Simpoziumda Qafqaz Universitetinin müəllim və tələbə heyəti, elm xadimləri, yerli media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan və Türkiyənin himnləri səsləndirilib, Qarabağ Zəfəri və sözügedən ixtisasın tarixçəsi ilə bağlı videoçarxlar nümayiş olunub. Qafqaz Universitetinin prorektoru Engin Kılıç ilə yanaşı baş konsul Zamin Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Hikmət Babaoğlu, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin nümayəndələri çıxış ediblər.

Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə panellər şəklində davam edib.

ƏvvəlkiAzərbaycan və Afrika ölkələri arasında yeni sazişlər imzalanıb
NövbətiTürkiyədə keçirilən “Eternity-2025” təliminin ilk mərhələsi başa çatıb