Qarabağda döyüşmüş xarici vətəndaşın məhkəməsində şahid ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə şahid qismində Arif Osmanov dindirilib.

O, ifadəsində Hərbi Qənimətlər Parkının yaxınlığında gəzərkən təqsirləndirilən şəxsin saxlandığını deyib: “Bizi dəvət etdilər. Onun üzərində və çantasına baxış keçirildi, çantasından erməni və rus dillərində yazılar və telefon var idi”.

Prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib. Sənədlərdə qeyd olunub ki, Dubakov bir neçə dəfə Rusiyadan Ermənistana, oradan da Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib.

O, Ermənistanda “Voma” təşkilatının üzvü kimi Azərbaycanın işğal edilmiş ərazisində hərbi təlimlərdə iştirak edib.

Təşkilatın rəhbəri Qarabağda Ermənistan tərəfindən müharibə iştirak edən ilk kəşfiyyat qrupunun rəhbəri Vladimir Vartanov olub.

Rusiya Federal Xidmətinin arayışında qeyd olunub ki, Eduard Dubakov Rusiyadan Ermənistana 2018-2019-cu illərdə bir neçə dəfə səfər edib.

Onun telefonuna baxış keçirilən zaman “artsaxçki” adlı istifadəçi ilə yazışmaları aşkarlanıb.

Bundan başqa, telefon yazışmaları ilə müəyyən edilib ki, Dubakov Artyom, Samir Mirzayan, Zararyan və digər şəxslərlə telefon zəngləri var.

Eduard Dubakovun istintaqa verdiyi ifadə elan edilib.

E.Dubakov istintaqa verdiyi ifadəsində bildirib ki, 2018-ci ildə sosial şəbəkələrdə “Voma” təşkilatının videoçarxını izləyib:
“Videoçarxlarda təşkilatın hərbi təlimlər keçirdiyini şahid oldum. Təşkilat haqqında maraqlandım. Onların məqsədi Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlayırlar. Rusiyada yaşamağıma baxmayaraq ata tərəfindən ermənyəm. Həmin videoya baxdıqdan sonra ermənilərə kömək etmək istədim. Ona görə də, “Voma” təşkilatı ilə əməkdaşlıq etmək qərarına gəldim. İnternet vasitəsilə təşkilata üzv oldum. 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat məni təlimlərə cəlb etdi. Təlimlərdə məqsəd Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək idi. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. Bizi Şuşaya, Xankəndiyə və digər ərazilərə apardılar. Orada döyüş olacaq ərazilərdə yerli şəraitlə tanış olduq. 2018-ci ilin sonunda Rusiyaya qayıtdım. Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərdə olmuşam, təlimlərdə iştirak etmişəm. 2021-ci il yanvarın 14-də Azərbaycana gəlmişəm”.

Proses iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilir.