Qarabağda bərpa proseslərini “Pasha Bank” da maliyyələşdirəcək

“Azərbaycanın 30 ildən sonra işğaldan azad edilən əraziləri – infrastrukturdan yollara, xəstəxanalara qədər tam olaraq yenidən qurulacaq. Burada aparılacaq bərpa işlərində Türkiyənin podratçı şirkətləri aparıcı rol oynayacaqlar”.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu “PASHA Bank” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası A.Ş.”-nin Baş direktoru Cenk Eynehan bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi regionda öz təcrübəsi ilə tanınan Türkiyənin podratçı şirkətləri ilə işləmək niyyətindədir.

C. Eynehan bildirib ki, 1,5 milyon azərbaycanlı öz bölgəsinə qayıdacaqlar: “Çünki bu layihələr infrastruktur, kənd təsərrüfatı, energetika, təhsil və səhiyyə sahələrini əhatə edəcək. Hazırda Azərbaycan bu bölgənin bərpa edilməsi üçün 2,2 mlrd manat (1,3 mlrd ABŞ dolları) vəsait ayırıb. Gözlənilir ki, gələcək illərdə bu büdcə onlarla milyard ABŞ dollarına qədər artırılacaq”.

O bildirib ki, artıq Türkiyə şirkətləri 100 kilometr uzunluğu olan Füzuli-Şuşa yolunun və Füzuli hava limanının tikintisində iştirak edəcəklər: “PASHA Bank” da bərpa prosesini maliyyələşdirəcək”.

Türkiyəli iş adamı vurğulayıb ki, qələbədən sonra yeni razılaşmaya əsasən, Çinə ticarət yolları daha aktiv olacaq və ticarət artacaq: “İnanırıq ki, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın inkişafına və bölgənin gələcəyinə daha çox təsir edəcək”.