Qarabağ bölgəsini əhatə edən 12 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib

İşğaldan azad edilən ərazilərdə ətraf mühit nöqteyi-nəzərindən vəziyyət heç də ürəkaçan deyil. Baş çəkdiyimiz ərazilərdə demək olar ki, meşə ərazisi, eləcə də ağaclar qalmayıb. Həmin ərazilərdə bütün ağaclar kəsilərək ya odun kimi istifadə olunub, ya da mebel sənayesi fabriklərinə daşınıb.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Bu səbəbdən işğaldan azad edilən ərazilərdə uzunmüddətli işlərə ehtiyac var. İlk günlərdən nazirlik qiymətləndirmə işlərinə başlayıb. Həmçinin Qarabağ bölgəsini əhatə edən 12 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib. Hələlik işçi məhdud saydadır. Çünki məlum səbəblərdən həmin ərazilərdə hərəkət məhdudiyyəti var. Bu gün üçün həm müvafiq qiymətləndirmə işləri aparılır, həm də paralel olaraq mümkün olan ərazilərdə ağaclar əkilir. Xüsusilə də çinar ağacları əkilir və palıd toxumları səpilir. Demək olar ki, həmin ərazilərdə hər gün davamlı şəkildə iş gedir və yaxın gələcəkdə daha ciddi və genişmiqyaslı tədbirlər görüləcək”, – deyə H.Əlizadə deyib.