Qəbul imtahanlarında qəbələli məzunlardan 32 nəfəri 600 baldan yuxarı nəticə göstərib

Bu il tam orta məktəbi bitirən 1135 nəfər qəbələli məzundan 32 nəfəri ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova məlumat verib.

Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini vurğulayan şöbə müdiri bildirib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

Arifə Bayramova deyib ki, qəbul imtahanlarında Qəbələ şəhər 4 saylı tam orta məktəbin məzunlarından 7 nəfər və Vəndam qəsəbə tam orta məktəbin 5 məzunu 600 baldan yuxarı nəticə göstərib. İmtahanlarda Norhurqışlaq kənd məktəbinin məzunu İsmayıl Məsimov rayon üzrə hamıdan çox – 688 bal toplayıb. Qəbələ şəhər 4 saylı tam orta məktəbin məzunu Aytac Əmirova qəbul imtahanlarında 686, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin məzunu Zeynəb Ələsgərli isə 680 bal toplamağa müvəffəq olublar.