Rusiya və Ukrayna xüsusi xidmət orqanları münaqişəyə baxmayaraq, bir-biri ilə daim əlaqə saxlayır və hərbi əsirlərin mübadiləsi də daxil olmaqla humanitar məsələlər üzrə əməkdaşlığı davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib. O vurğulayıb ki, iki ölkənin xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq ən çətin dövrlərdə belə dayanmayıb.
“Bizim xüsusi xidmət orqanlarımız həmişə bir-biri ilə əlaqədə olublar və hazırda da əlaqədədirlər”, – deyə Rusiya Prezidenti qeyd edib.
Putin, həmçinin bu cür görüşlər üçün Əbu-Dabi platformasının fəal şəkildə istifadə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, BƏƏ-də keçirilmiş son görüş Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.
“Orada qeyri-adi və ya məxfi heç nə baş vermədi. Rusiya tərəfindən həmin görüşdə Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri iştirak edirdi”, – deyə o bildirib.
Rusiya Prezidenti, həmçinin göstərilən yardıma görə BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib.






















































