Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəvvarəni işə saldılar.

Sonra dövlətimizin başçısı və birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Bildirilib ki, burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Məsələn, kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.

Kənd ağıllı idarəetmə mərkəzi (situasiya mərkəzi) ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, “Ağıllı kənd” üçün “ağıllı həllər” də nəzərdə tutulub. Bundan əsas məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Əsas məsələ yüksək sürətli internetdir. Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə də tanış oldular.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “golf car”la kəndin ərazisini gəzdilər, 5 nömrəli üçotaqlı evə baxdılar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular.

Ailə sağlamlıq mərkəzində tele-tibb sisteminin təqdimatı zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, tele-tibb vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağ ciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət etdilər.

Mehriban xanım Əliyeva: Salam.

Prezident İlham Əliyev: Salam.

Danimarkada yaşayan həkim Məsud Aşina: Möhtərəm cənab Prezident, salam. Mehriban xanım, salam.

Sizi öz adımdan və həmkarlarım adından Danimarkadan salamlayıram. Mən Bakıda anadan olmuşam, 33 ildir Danimarkada yaşayıram, nevrologiya üzrə professoram. Bakıdan olan travmotoloq Siyamak Nani, – beş ildir İsveçdə yaşayır və mənim kiçik qardaşım Harvarddan, Bostondan Sait Aşina da bizimlə bir yerdədir. O da Bakıda anadan olub, amma tibb universitetini Danimarkada bitirib.

Həkim Cavid Baloğlanov da bizimlə bir yerdədir, “Salam Doktor”u təmsil edirik. Fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istəyirəm ki, belə bir imkan yaradılıb. Biz bu texnologiyadan istifadə edəcəyik. Əsas məqsəd ondan ibarətdir ki, seminarlar, konsultasiyalar, konsiliumlar keçirək, tele-tibb imkanından maksimum istifadə edib hər zaman Qarabağ zonasında, bizim Zəngəzurda olaq. Sizə təşəkkürümü bildirmək istəyirəm, çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

“Salam Doktor” şirkətinin tibbi direktoru Cavid Baloğlanov: Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, bir məsələni də vurğulamaq istəyirəm, bizim “Salam Doktor” platformamızın xüsusiyyəti ondan ibarətdir ki, bu, Azərbaycanda ilk milli platformadır və tərəfimizdən istehsal olunmuş milli proqram təminatıdır.

Prezident İlham Əliyev: Sağ olun. Sizi görməyimə şadam. Bu təşəbbüsə qoşulduğunuza görə sizə minnətdaram. Mən çox şadam ki, xaricdə yaşayan azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar, işləyirlər. Bu platformanın həyata keçirilməsində əlbəttə ki, xaricdə yaşayan soydaşlarımız da mühüm rol oynayıblar. Bildiyiniz kimi, keçən ay Dünya Azərbaycanlıların Qurultayı ilk dəfə olaraq Şuşada keçirilmişdir. Hamımızın böyük arzusu idi ki, bir gün bu qurultay Şuşada keçirilsin, buna da nail olduq. Xaricdə yaşayan yüzlərlə azərbaycanlı doğma Şuşamıza gəlib burada öz ürək sözlərini deyə biliblər. Əlbəttə ki, dünya azərbaycanlılarının azad edilmiş torpaqlarda bərpa işlərinin aparılmasında da böyük rolu ola bilər. Artıq var, biz bunu görürük. Bax, bugünkü bizim videobağlantımız bunu əyani şəkildə göstərir.

Bildiyiniz kimi, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.

Bu gün biz videoformatda görüş keçirərək bir-birimizi görürük. Amma arzu edirəm ki, siz buraya da gələsiniz, azad edilmiş digər yerlərdə, o cümlədən Ağalı kəndində də olasınız və bu gediş-gəliş daimi olsun.

Mən Qurultay zamanı xaricdə yaşayan soydaşlarımıza üz tutaraq demişdim ki, istərdim, hər biriniz heç olmasa ildə bir dəfə Azərbaycana, Qarabağa, Zəngəzura gələsiniz və bizim bu canlı bağlantımız, qəlbdən-qəlbə gedən bu bağlar daha da möhkəm olsun. Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.

Həkim Məsud Aşina: Təşəkkür edirəm, cənab Prezident, biz hər zaman hazırıq. Mən özüm də Şuşa Qurultayında iştirak etdim. Mənim üçün çox qürurlu gün idi. Mən sonuncu dəfə 1984-cü ildə Şuşada olmuşdum. Artıq bu il Şuşaya gəlmişdim. Çox böyük həyəcan keçirdim. Biz hər zaman orada olmalıyıq, həmişə bir yumruq kimi Sizin yanınızda olmalıyıq.

Prezident İlham Əliyev: Sağ olun. Qarabağ Azərbaycandır!

Azərbaycanlı həkimlər: Qarabağ Azərbaycandır! Sağ olun.