Prezident İlham Əliyev Tailandın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Tailand Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Apirat Suqondhabhiromun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Apirat Suqondhabhirom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan-Tailand ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu qeyd edərək müxtəlif sahələrdə, xüsusən də Tailandda çox inkişaf edən turizm istiqamətində daha fəal şəkildə əməkdaşlığın həyata keçirilməsinin zəruriliyini bildirdi, texnologiya sahəsində əlaqələrin qurulmasının mümkünlüyünü vurğuladı. Azərbaycanda az sayda Tailand şirkətinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı ölkələrimizin mövcud potensialı nəzərə alınaraq iqtisadi sahədə əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu dedi.

Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən Apirat Suqondhabhirom paytaxtımızın gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını söylədi. Səfir də öz növbəsində Azərbaycan ilə Tailandın mövcud potensialını qeyd edərək, müxtəlif istiqamətlərdə, o cümlədən turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlarımız arasında əlaqələrin qurulması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Söhbət zamanı qida məhsullarının emalı sahəsində əməkdaşlıq məsələlərinə də toxunuldu.