Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə Memorial Kompleksinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Kompleksin yaradılacağı ərazi ilə tanış oldu. Prezident İlham Əliyevə Kompleks barədə məlumat verildi.

Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstəsi qoydu.

Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibənin əxlaq kodeksinə, nə də ümumiyyətlə heç bir mənəvi müstəviyə uyğun deyildi. Bu ifadənin dəqiq definisiyası “alçaqcasına hücum”dur. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdı.

Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi isə bu ərazini ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır.

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoydu.