Prezident İlham Əliyev: Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir

Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir Rayon İcra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən bildirib.

Dövlətimiz başçısı vurğulayıb ki, hər bir dövlət məmuru Prezident başda olmaq şərtilə xalqın xidmətçisidir. “Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir”, – deyə Prezident qeyd edib.

Bunun təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aid olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız”.