Prezident: “İdarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var”

“İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər”

“Bu il Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün fəal işlər gedir. Müntəzəm olaraq mənə məruzə edilir. Minlərlə yeni ev tikilib əsaslı təmir ediləcək. Dövlət vəsaiti ayrıldı. Yenə də demək istəyirəm ki, biz bu məsələyə çox operativ şəkildə yanaşdıq. Vətəndaşların problemlərini nəzərə alaraq çalışmalıyıq ki, bu işlər tez bir zamanda başa çatsın. Halbuki bu, ağır işdir, ilk növbədə, təhlil aparılmalıdır, komissiya işləməlidir, dəymiş ziyanın həcmi müəyyən edilməlidir və tikinti işləri aparılmalıdır. Əlbəttə ki, bu, zaman tələb edən bir məsələdir. Həm dövlət qurumları, həm də özəl sektor bu işlərə qoşulub. İşlər indi geniş vüsət alıb. Həm vətəndaşların evləri təmir olunur, yeni evlər tikilir, həm də çoxmərtəbəli binaların tikintisi başlamışdır. Çalışmalıyıq ki, bu məsələ də qısa müddət ərzində öz həllini tapsın. Mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə bu işləri sığorta şirkətləri görür. Vətəndaşın evi sığortalıdır, sığorta pulunu alır, gedir özü üçün ev tikir. Nəzərə alsaq ki, bizdə belə deyil, dövlət bu məsələni öz üzərinə götürür. Bir daha demək istəyirəm ki, ən gözəl nümunə göstərən ölkələrdən biri Azərbaycandır, həm keyfiyyət, həm müddət, həm operativlik və həm də vətəndaşlara qayğı baxımından”.

“Report”un xəbərinə görə, bunu Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev deyib.

“Ona görə Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”, – dövlət başçısı əlavə edib.

Prezident vurğulayıb ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.

Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır”.