NATO-dan müttəfiqimiz olan Almaniya ilə iki böyük dövlət arasında ola biləcək ən sıx əlaqələrimiz var. Son dövrdə ölkələrimiz arasındakı yüksək səviyyəli ziyarətlər bunun açıq göstəricisidir. Bu əlaqələrin lokomotivi insan bağlarımız və ortaq maraqlarımızdır. Almaniyada 3,5 milyondan çox insanı əhatə edən bir türk icması yaşayır. Hər il ölkəmizi 6 milyondan çox alman turist ziyarət edir. Təbii ki, biz bu sayın daha da artmasını arzulayırıq. Bugünkü görüşlərimizi bu kimi əhatəli gündəm məsələləri üzərində qurduq. Ölkələrimiz arasındakı əlaqələri bütün ölçüləri ilə geniş şəkildə müzakirə etdik. İki ölkə arasında ticarət həcmi 50 milyard dollara çatıb. Hədəfimiz bu rəqəmi 60 milyard dollara çatdırmaqdır. Bu hədəfi həyata keçirmək üçün səylərimizi artırmışıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Almaniyanın Federal Kansleri Olaf Şolts ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Avropada islamofobiya və irqçiliyin artdığına diqqət çəkən Türkiyə Prezidenti bu məsələnin xaricdə yaşayan soydaşlarını narahat etdiyini vurğulayıb.
Almaniyanın da dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradan PKK və FETÖ başda olmaqla bütün terror təşkilatları ilə birgə mübarizə istiqamətində razılığa gəldiklərini qeyd edən Ərdoğan bu sahədə atılacaq konkret addımlara dair gözləntilərini Federal Kansler ilə bir daha bölüşdüyünü deyib.
Olaf Şolts Türkiyə Prezidenti ilə görüşdə ikitərəfli, regional və qlobal məsələləri müzakirə etdiklərini bildirərək, regionda baş verən son hadisələrə toxunub.
İsrail ilə Fələstin arasında davam edən münaqişəyə diqqət çəkən Şolts mövcud gərginliyin azaldılması və atəşkəsin bu münaqişənin yayılmasının qarşısını almaq üçün şərt olduğunu bildirib və qarşıdurmada ikidövlətli həllin zəruriliyini ifadə edib.