Polad Bülbüloğlu “Dostluq” ordenini Anatoli Torkunova təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 25 avqust tarixli Sərəncamına əsasən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (universitet) (MDBƏİ) rektoru Anatoli Torkunov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, avqustun 31-də MDBƏİ-də təşkil olunmuş təntənəli tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yüksək mükafatı A.Torkunova təqdim edib.

Səfir çıxışında bildirib ki, bu yaxınlarda “Rossiya 1” və “Rossiya 24” televiziya kanallarında MDBƏİ-nin məzunu olan, uzun illər Anatoli Torkunovu şəxsən tanıyan Prezident İlham Əliyevin təbriki yayımlanıb.

Polad Bülbüloğlu xatırladıb ki, 2013-cü il aprelin 11-13-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda MDBƏİ məzunlarının Birinci Beynəlxalq Forumu keçirilib. Ölkəmizin MDBƏİ ilə olduqca sıx əlaqələri mövcuddur. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev MDBƏİ-nin fəxri doktorlarıdır, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva da bu təhsil ocağını bitirib, burada dissertasiya müdafiə edib.

Səfir MDBƏİ-də təhsil almış Azərbaycandan olan bir çox gəncin bu gün ölkəmizdə müxtəlif sahələrdə çalışdıqlarını söyləyib, habelə Anatoli Torkunovla olan dostluq münasibətlərindən söz açıb.

Polad Bülbüloğlu Prezident İlham Əliyevin təbrik məktubunu oxuyaraq, “Dostluq” ordenini MDBƏİ-nin rektoruna təqdim edib.

Sonra diplomat Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun və Təhsil naziri Emil Əmrullayevin təbrik məktublarını da Anatoli Torkunova təqdim edib.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova Leyla Əliyevanın təbrik məktubunu oxuyub.

Anatoli Torkunov çıxışında Azərbaycanda gedən prosesləri, buradakı inkişafı yaxından izlədiyini bildirib, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən MDBƏİ-yə göstərdiyi diqqəti hər zaman xatırladığını qeyd edib. Vurğulayıb ki, məhz Heydər Əliyevin qayğısı nəticəsində MDBƏİ-nin maddi bazası xeyli genişlənib, professor və müəllim ştatı artırılıb.

Rektor Anatoli Torkunov müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin MDBƏİ-yə gəlişini xatırlayaraq, onun burada çıxışının böyük marağa səbəb olduğunu diqqətə çatdırıb və XX əsrin böyük siyasi xadimi ilə görüşdən sevinc hissi keçirdiklərini söyləyib.

MDBƏİ-nin rektoru burada vaxtilə təhsil alan və dərs deyən Prezident İlham Əliyevlə bağlı xoş xatirələrini də bölüşüb. Ölkə rəhbərimizin həm tələbə, həm də müəllim kimi olduqca yüksək mənəvi keyfiyyətlərə malik olduğunu qeyd edib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə MDBƏİ məzunlarının beynəlxalq forumunun keçirilməsi ənənəsinin qoyulduğunu və MDBƏİ-nin Azərbaycanlı Məzunları Assosiasiyasının yarandığını diqqətə çatdıran rektor, buna görə dövlətimizin başçısına xüsusi minnətdarlığını bildirib. O, sözügedən təşəbbüsdən nümunə götürərək dünyanın müxtəlif ölkələrində belə assosiasiyalar yaradıldığını və onların uğurla fəaliyyət göstərdiyini deyib.

Leyla xanım Əliyevanın da bu təhsil ocağının məzunu olduğunu xatırladan rektor, onun universiteti yaddan çıxarmadığını söyləyib.

“Dostluq” ordeninə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Anatoli Torkunov bu mükafatın təkcə ona deyil, uzun illər ərzində müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələrin yetişdirilməsi istiqamətində fəal çalışan MDBƏİ kollektivinə verilən yüksək qiymət olduğunu vurğulayıb.

Sonra Rusiya Federasiyası Prezidenti Administrasiyasının Regionlararası və Xarici Ölkələrlə Mədəni Əlaqələr idarəsinin departament rəisi Aleksey Vlasov, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin departament direktoru Denis Qonçar və Azərbaycan Respublikasının bu ölkədəki ticarət nümayəndəsi Ruslan Əliyev öz təbriklərini təhsil ocağının rəhbərinə çatdırıblar.

Tədbirin sonunda MDBƏİ-nin Azərbaycanlı Məzunları Assosiasiyası tərəfindən universitetə hədiyyə edilmiş və qlobal problemlərə, dünya landşaft sənətinin ən aktual trendlərindən biri – quraqlığa davamlı bağların təbii üslubda yaradılmasını nümayiş etdirən miniatür bağa baxış keçirilib.