“Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Milli Case Yarışının keçirilməsi” adlı layihəsi başa çatdı

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Enactus Azərbaycanın “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin təşkilatçılığı ilə “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Milli Case Yarışının keçirilməsi” adlı layihəsi başa çatdı.

Layihənin əsas məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, peşə təhsili alan gənclərə müasir iş şəraitinin yaradılması, aşpaz, qaynaq və dərzi peşələri üzrə peşə hazırlığının təkmilləşdirilməsidir. Yarışda Texnika və Texnologiyalar, Turizm və Sosial Xidmətlər, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzlərində “Aşpaz”, “Dərzi” və “Qaynaqçı” ixtisasları üzrə təhsil alanlar öz peşə bacarıqlarını nümayiş etdiriblər. Layihə çərçivəsində dünyanın qabaqcıl şirkətlərindən biri olan və peşəkar mətbəx istilik avadanlığının istehsalı ilə məşğul olan alman şirkəti MKN (Maschinenfabrik Kurt Neubauer), peşəkar təmizlik, gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan “Hazar Industry Azerbaycan” (SR Chemicals) şirkəti, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyi arasında memorandum imzalanıb. Tədbirdə qonaqlar və tələbələr üçün MKN şirkətinin brend şefi Pavel Dzyublo tərəfindən Master klass təşkil edilmiş, bununla yanaşı 5, 12 nömrəli peşə liseyləri arasında milli yeməklərin hazırlanması üzrə müsabiqə keçirilmişdir. Beynəlxalq mükafatlarla təltif olunmuş azərbaycanlı aşpazlar münsiflər heyətinin üzvü kimi müsabiqədə iştirak edərək tələbələrin hazırladıqları təamları qiymətləndirmişlər.

Layihənin nəticəsi: “Sumqayıt Texnologiyalar Parkı” MMC qaynaq və əl elektrik ixtisası üzrə təhsil alan tələbələrə təcrübə proqramı keçirir. “VEYSƏLOĞLU” Şirkətlər Qrupu və Enactus Azərbaycan 02.02.2019-cu il tarixində peşə təhsili alan gənclərlə karyera yarmarkası keçirəcəklər. Yarmarkada 100 tələbə iştirak edəcək və işəgötürənlərlə tanış olacaqlar. Məqsəd peşə təhsili alan gənclərin ixtisasları üzrə işlə təmin olunmasıdır.