Pentaqon etiraz aksiyaları fonunda Vaşinqton ətrafına 1,6 min hərbçi göndərib

Pentaqon Minnesota ştatının Minneapolis şəhərində Afrika əsilli amerikalı Corc Floydun qətli ilə bağlı etirazlar və iğtişaşlar səbəbindən ABŞ paytaxtının ətrafına 1,6 minə yaxın hərbçi göndərib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın müdafiə qurumunun rəsmi nümayəndəsi Conatan Hoffman tərəfindən açıqlanıb.

“Nizami ordunun hərbçiləri paytaxtın özündə deyil, Vaşinqton aqlomerasiyadakı hərbi bazalarda yerləşdirilib”, – deyə Conatan Hoffman bildirib. Pentaqon rəsmisinin sözlərinə görə, hərbçilər yüksək hazırlıq səviyyəsinə gətirilsə də, mülki hakimiyyət orqanlarının fəaliyyətinə qarışmır.

Qeyd edək ki, Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın bir çox ştatında iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları başlayıb. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub. Yerli hüquq-mühafizə orqanları ilə yanaşı, etiraz aksiyalarının dağıdılmasında Milli Qvardiya da qismən iştirak edir.