Pentaqon: Çin iki ildə İngiltərənin hazırda malik olduğu qədər nüvə başlığı əldə edib

Çin sürətlə nüvə arsenalını genişləndirir və son iki il ərzində İngiltərənin indi malik olduğu qədər strateji silah əldə edib.

“Report” xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini, general-leytenant Endryu Cebara deyib.

Onun sözlərinə görə, Çin illər əvvəl minimal çəkindiricilikdən bu gün gördüyümüz strateji sıçrayışa keçmək qərarına gəlib: “Onlar sürətlə tikib və sürətlə hərəkət edirlər. Bunu davam etdirəcəklər”.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2024-cü ildə demək olar ki, bütün nüvə gücləri daha müasir sistemlər əlavə edərək öz arsenallarını fəal şəkildə modernləşdirməyə davam ediblər. 2025-ci ilin yanvar ayına olan məlumata görə, dünyada 12 241 döyüş başlığı, potensial istifadə üçün anbarda 9 614 döyüş başlığı olub.

Qeyd olunub ki, 3912-si raket və təyyarələrə quraşdırılıb. Belə ki, 2100 yerləşdirilmiş döyüş başlığı yüksək hazırlıq vəziyyətində saxlanılıb. Hesabatda göstərilib ki, Rusiya və ABŞ birlikdə bütün nüvə silahlarının təxminən 90%-nə malikdir (ABŞ-da 5177 döyüş başlığı, Rusiyada 5459 döyüş başlığı var).

Çin isə hazırda ən azı 600 nüvə başlığına malikdir. O, öz nüvə arsenalını hər hansı digər ölkədən daha sürətlə artırır (2023-cü ildən bəri ildə təxminən 100 döyüş başlığı). Böyük Britaniya (225 döyüş başlığı) 2024-cü ildə arsenalını artırmayıb, lakin bu, gələcəkdə baş verə bilər.

ƏvvəlkiMDB Kino günləri çərçivəsində “Laçının sürgündən dönən Sultanı” sənədli filmi nümayiş etdirilib
NövbətiFransanın ölkəmizdəki səfiri Vaşinqton görüşünün təfərrüatları barədə məlumatlandırılıb