Çin ABŞ-ın Tayvana müasir silahların kütləvi şəkildə satılması planına qarşıdır və onu pisləyir.
AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi (XİN) bu addımın “Vahid Çin” prinsipini, Çinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozduğunu, Tayvan boğazında sülhə və sabitliyə zərər vurduğunu, “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrlə son dərəcə səhv bir siqnal göndərdiyini bildirib.
“Adadakı separatçı qüvvələr müstəqillik proqramlarını inkişaf etdirməyə çalışır, vergi ödəyicilərinin pullarını silah almağa xərcləyirlər və hətta Tayvanı “barıt çəlləyi”nə çevirmək riski daşıyırlar”, – deyən nazirliyin rəsmisi Quo Ciakun əlavə edib ki, bu cür addımlar təkcə “Tayvanın müstəqilliyi”nin qaçılmaz uğursuzluğunu dayandırmayacaq, həm də Tayvan boğazında hərbi münaqişə təhlükəsini daha da sürətləndirəcək. ABŞ-ın Tayvanı silahlandırması “müstəqillik” proqramını asanlaşdırmaq əvəzinə əks nəticə verəcək, Tayvanı Çini cilovlamaq üçün istifadəsi isə heç vaxt uğurlu olmayacaq.
Nazirlik rəsmisi deyib ki, Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzindədir və Çin-Amerika münasibətlərində keçilməz olan ilk qırmızı xətdir. “Biz ABŞ-ı Tayvanı silahlandırmaq kimi təhlükəli addımlarını dərhal dayandırmağa çağırırıq. Çin öz dövlət suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün qətiyyətli və güclü addımlar atacaq”, – deyə Çin XİN rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ Çinin Tayvan adasına 11 milyard dollarlıq silah satışını təsdiqləyib. Müqaviləyə ümumi dəyəri 4,05 milyard dollar olan HIMARS çoxməqsədli raket sistemlərinin, eləcə də 4 milyard dollarlıq özüyeriyən haubitsaların tədarükü daxildir.





















































