Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirilir

İyunun 7-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası başlayıb.

AZƏRTAC xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

“Aqrar Tədarük və Təchizat” ASC-nin şöbə müdiri Nilufər Mustafaqızı AZƏRTAC-a müsahibəsində deyib ki, həftəsonu yarmarkalarında 22 fərqli regiondan gələn 40-dan çox fermer, 100-ə yaxın məhsul çeşidi ilə iştirak edir. O bildirib ki, məhsulların keyfiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daimi olaraq yoxlanılır və nəzarətdə saxlanılır. Yarmarkanın girişində isə Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir.

Şöbə müdiri vurğulayıb ki, hər həftə bütün bazar və marketlərdə monitorinqlər aparılır, fermerlərə tövsiyə xarakterli qiymətlər təklif olunur. Fermerlər “Aqrar Tədarük və Təchizat” ASC-nin qaynar xəttinə və çağrı mərkəzinə müraciət edərək yarmarkalarda iştirak üçün qeydiyyatdan keçə bilirlər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və satış yerləri ilə təmin olunurlar. Bu isə daha münasib qiymətlərlə məhsulların alıcılara təklif edilməsinə şərait yaradır.

AZƏRTAC-a müsahibə verən satıcılar bayram günlərində yarmarkada qiymətlərin adi günlərlə müqayisədə daha ucuz olduğunu, alıcıların isə əsasən yağ, pendir, bal, pomidor, xiyar, göyərti və digər kənd təsərrüfatı məhsullarına üstünlük verdiklərini bildiriblər.

ƏvvəlkiAzərbaycanın U-17 millisi Qazaxıstana qalib gəlib
NövbətiÇövkən üzrə Azərbaycan millisi ilk dəfə Avropa çempionu olub