Parlamentdə informasiya ilə bağlı Qanunda dəyişikliklər birinci oxunuşda təsdiqlənib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin aprelin 5-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyi həmin infrastrukturun təhlükəsizliyinə dair tələblərin müəyyən edilməsi, bu tələblərə uyğunluğunun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, həmin tələblərə müvafiq olan informasiya təhlükəsizliyini idarəetmə sisteminin tətbiq edilməsi, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarətin həyata keçirilməsi yolu ilə təmin ediləcək.

Dövlət sirri təşkil edən məlumatların, habelə fərdi məlumatların toplanılmasını və işlənilməsini həyata keçirən kritik informasiya infrastrukturunun təhlükəsizliyi dövlət sirri və fərdi məlumatlar haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla təmin olunacaq.

Dəyişikliyə görə, həmçinin Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq.

Bundan başqa, kritik informasiya infrastrukturu obyektlərinin meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeyd edilmiş tələblər nəzərə alınmaqla müəyyən ediləcək.

Qanun layihəsi səsvermədən sonra birinci oxunuşda qəbul edilib.