Bu gün iqlim böhranının artıq uzaq bir təhlükə deyil, gündəlik həyatımızın bir hissəsi olduğunu görürük. Qlobal istiləşmə, su qıtlığı, ekosistemlərin tənəzzülü və enerji keçidinin çağırışları bütün ölkələrin ortaq məsuliyyətini tələb edir.
Azərbaycan 2024-cü ildə ev sahibliyi etdiyi COP29 konfransında iqlim fəaliyyətini sürətləndirmək və ölkələr arasında etimadı gücləndirmək üçün mühüm addımlar atdı. Bizim məqsədimiz yalnız danışıqlar aparmaq deyil, fəaliyyətə keçmək, vədləri real nəticələrə çevirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Palais de Chaillot” sarayında keçirilən 8-ci Paris Sülh Forumu çərçivəsində COP Prezidentləri Dərnəyi paneli çərçivəsində “Planet üçün yeni koalisiyalar” adlı müzakirələr zamanı ölkəmizi bu paneldə təmsil edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev deyib.
Bildirib ki, bu sahədə səyləri davam etdirməyin vaxtıdır. O, COP29 prosesindən irəli gələn iqlim maliyyələşməsinin ədalətli artırılması, iqlim diplomatiyasında etimadın bərpası və inteqrasiya və şəffaflıq kimi əsas istiqamətləri qeyd edib. Vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin iqlim təsirlərinə qarşı müqavimətini gücləndirmək üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu, ədalət və etimadın əsas sütunudur. Şimal və Cənub, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni bir həmrəylik mərhələsinə ehtiyac var. COP29-da iqlim diplomatiyasında etimadı bərpa etməyə çalışdıq və bu dialoqu davam etdirmək niyyətindəyik. İqlim idarəçiliyi yalnız texniki məsələ deyil, bu, ədalət, bərabərlik və beynəlxalq həmrəylik məsələsidir. Hər bir qərarın mərkəzində insan rifahı dayanmalıdır.
Azərbaycanın regionda bu istiqamətdə lider rolu oynamağa hazır, Xəzər hövzəsində, eləcə də qlobal səviyyədə daha dayanıqlı gələcək üçün birgə işləməyə sadiq olduğu vurğulanıb.
COP29-un prezidentinin sözlərinə görə, iqlim fəaliyyəti maliyyə olmadan mümkün deyil. O, 2024-cü ildə ölkələr arasında əldə olunan razılaşmanı xatırladaraq qeyd edib ki, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan dövlətlərə 300 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması barədə öhdəlik götürülüb.
M.Babayev bildirib ki, bu vəsaitin necə həyata keçiriləcəyi, xüsusilə kiçik ada dövlətləri, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün çox vacib məsələdir. COP29 prezidenti, həmçinin xəbərdarlıq edib ki, artıq qəbul olunmuş qərarlardan geri addım atmaq olmaz.
“Əfsuslar olsun ki, 2024-cü və 2025-ci illərin ambisiyaları arasında fərq çox böyükdür. Keçən il iqlim liderləri dünya üzrə fəal idilər, bu il isə ambisiyalı təşəbbüsləri görmürük”, – deyə COP29-un prezidenti qeyd edib. M.Babayev beynəlxalq maliyyə institutlarının və çoxtərəfli inkişaf banklarının (MDB-lərin) vədlərinin icrasına da toxunub. “Onlar öz öhdəliklərini necə yerinə yetirməyi planlaşdırırlar? Donor ölkələrin hökumətləri hazırda maliyyə prioritetlərini necə müəyyənləşdirəcəklər – müdafiəyə, yoxsa iqlim, sosial və humanitar sahələrə yönəldəcəklər?”, – deyə o əlavə edib ki, bu sualların cavabları gələcək COP prosesləri üçün həlledicidir. O, Belem şəhərində keçiriləcək COP30 konfransında bu istiqamətdə “Bakıdan Belema yol xəritəsi” adlı yeni sənədin təqdim olunacağını bildirib.
Sənədin məqsədi, iqlim maliyyələşməsini 300 milyard dollardan 1,3 trilyon dollara qədər artırmaq üçün konkret mexanizmlərin hazırlanmasıdır.
“Bu, inkişaf etməkdə olan ölkələrin böyük gözləntisidir. COP30 komandasının və beynəlxalq tərəfdaşların birgə işi nəticəsində bu məsələlərə aydın cavablar tapacağımıza inanıram. İndi həm milli səviyyədə, həm də qlobal miqyasda yeni bir dinamika yaratmaq vaxtıdır”, – deyə M.Babayev qeyd edib.

























































