Özünüməşğulluq proqramının təkmilləşdirilməsi imkanları

Araşdırma Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi Azərbaycan Əlillər Cəmiyyəti tərəfindən həyata keçirilən “Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə” layihə çərçivəsində həyata keçirilmişdir

Rəsmi məlumatlara görə 2022-ci ilin əvvəlində Azərbaycanda əlilliyi olan şəxslərin sayı 559.2 min nəfər olub ki, bu da ölkə əhalisinin 5.6 faizinə bərabərdir. Statistik məlumatlardan aydın olur ki, cari ilin əvvəlinə əmək qabiliyyətli yaşda olan əlillərin sayı 500 min nəfərdən çoxdur ki, bu da ölkə üzrə cəmi əmək qabiliyyətli əhalinin 9.4 faizinə bərabərdir. Hazırda əmək qabiliyyətli əlillərin əhəmiyyətli hissəsi ya işləmir, yaxud layiqli işlərdə, öz bacarıqlarını göstərə biləcək işlərdə işləmədiyini düşünür. Statistik göstəricilərin strukturu hazırda işsiz əlillərin sayının və yaxud xüsusi çəkisinin müəyyən edilməsinə imkan vermir. Bununla belə ictimailəşən məlumatlardan aydın olur ki, Azərbaycanda hazırda hər 10 əlil şəxdən yalnız biri işləyir. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin məlumatına görə ölkədə gözdən əlilliyi olan insanların sadəcə 2 faizi işləyir. Təşkilat bildirir ki, “Gözdən əlillər üçün təşkil olunan rabitə, masaj kurslarını bitirən 15 nəfərdən biri və ya iki nəfəri işlə təmin olunur. Onlar da müvafiq qurumlarda tanışı olanlardır”.

Dövlət Statistika Komitəsinin apardığı seçmə statistik müayinənin nəticələrinə görə hazırda məşğul əlillərin 37.4 faizi aqrar sektorda, 8.6 faizi ticarət, 5.8 faizi tikinti, 5.7 faizi təhsil, 5.3 faizi sənayedə, 4.8 faizi nəqliyyat sahəsində çalışır. Həmçinin seçmə statistika nəticələrinə görə məşğul əlillərin 59.8 faizi muzdlu çalışan, 23.2 faizi ailə kəndli təsərrüfatında və ya ailə müəssisəsində haqqı ödənilmədən çalışan, 12.5 faizi isə fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslərdir. Onlardan yalnız 4.4 faizi biznes sahibidir. Əlillərin məşğulluğunda dövlətin payı isə 35.5 faizdən çox deyil.

Əlillər arasında məşğulluq səviyyəsi nəzərə alınarsa iddia edə bilərik ki, ölkədə 450 mindən çox əlilliyi olan şəxsin məşğulluğunun təmin edilməsi müvafiq istiqamətdə dövlət siyasətini həyata keçirən qurumların qarşısında dayanan ən mühüm məsələlərdən biridir.

Nəzərə alsaq ki, Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ilə müəyəən edilən 5 mühüm prioritetdən biri də “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”  prioritetidir, 450 min əlillin əmək bazarından, iqtisadi dəyərin yaradılması prosesindən kənarda qalması, başqa sözlə bu insanların məşğulluqğunun təmin edilməməsi inkluziv iqtisadiyyatın yaradılması hədəfi üçün ciddi risk yaradır.

Günümüzdə Azərbaycan hökuməti məşğulluğun dəstəklənməsi üçün 4 əsas alətdən/mexanizmdən istifadə edilir:

  • Özünüməşğulluğun təşkili,
  • Haqqı ödənilən ictimai işlər,
  • Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi,
  • Kvota üzrə iş yerlərində işlə təmin edilmə.

Hazırda bu proqramlardan ən geniş yayılanı və dayanıqlı maliyyələşmə mexanizminə malik olan məhz özünüməşğulluq proqramıdır. Bu proqram çərçivəsində işsiz və yaxud işaxtaran kimi qeydiyyatdan keçən həmçinin, aktiv əmək müqaviləsi, VÖEN-i, əyani ali təhsil alan tələbə statusu olmayan və əmək qabiliyyətli vətəndaşlar, o cümlədən əlillər təqdim etdikləri biznes planlara uyğun olaraq müəyyən avitvlərlər/istehsal vasitələri ilə təmin edilir və həmin şəxslərin fərdi sahibkarlıq fəaliyyətinə başlamasına dəstək verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumatına görə 2020-ci ildə 1800 nəfər, 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bu isə il ərzində proqrama cəmi cəlb edilənlərin müvafiq olaraq 14.2 və 8.3 faizinə bərabərdir. Həmçinin ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlə təmin edilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramına 2016-cı ildə start verilib. Ötən dövr ərzində proqramın icrası ilə əlaqədar xeyli problemlər yaranıb. Belə ki, aktivlərin keyfiyyətsizliyi, təminetmədə gecikmələr, himayədarlıq və korrupsiya kimi neqativliklər proqramın effektivliyinə zərər verib. Bütün bunlara baxmayaraq ötən altı ildə məşğulluğun dəstəklənməsində yeni bir mexanizm yaradılıb ki, bu da səmərəli və şəffaf idarəetmə şəraitində dünya təcrübəsində özünü doğrultmuş mexanizmlərdən biridir. Rəqəmlərdən də göründüyü kimi, bu proqramlar hələlik əlillərin işsizliyinin azaldılmasına ciddi töhvə verməyib.

Bu yazının əsas məqsədi özünüməşğulluq proqramının təkmilləşdirilməsi imkanlarını aydınlaşdırmaqdır. Lakin, təkmilləşdirici həllərə keçməzdən əvvəl bildirmək istəyirəm ki, ölkə vətəndaşlarına, o cümlədən əlillərə passiv sosial müdafiə mexanizmlərindənsə (ünvanlı sosial yardım, müavinət, prezident təqaüdü və s.) aktiv dəstək mexanizmlərindən (özünüməşğulluq, sosial iş yerlərində birgə maliyyələşdirmə) yararlanmağı tövsiyyə edilir. Çünki, birinci halda özünüzün və ailənizin rifahını, təminatını qərarqəbuledicilərin insafı və təşəbbüsünə tabe dirsiniz. Ünvanlı sosial yardımın, müavinətin məbləği vətəndaşın fərdi bacarıqları və istəyi ilə artmır. Lakin, əmək fəaliyyəti və sahibkarlıq fəaliyyətində vətəndaşın gəlirləri onun bilik və bacarıqları, təşəbbüskarlığı, əzmi və iradəsi asılı olaraq artır.

Birinci qrup əlillərin tibbi vərəqəsində adətən “əmək qabiliyyətiz” ifadəsi yazılır. Başqa sözlə vətəndaşın əlillik səbəbi kimi əmək qabiliyyətinin tam itirilməsi diaqnozu qoyulur. Bu isə təbii olaraq həmin şəxslərin məşğulluq proqramlarından istifadə imkanını hüquqi çəhəttədən məhdudlaşdırır. Çünki, qanunvericlikdə özünüməşğulluq proqramından yalnız əməkqabiliyyətli vətəndaşların istifadə edə biləciyi müəyyən edilib. Təcrübədə isə vəziyyət tamami ilə fərqlidir. Belə ki, “əmək qabiliyyətsiz” diaqnozu qoyulan şəxslərin əksəriyyətinin müxtəlif peşə və fərdi bacarıqları vardır. Yerimə (aşağıda ətraflarının hərəkətsizliyi) qabiliyyətinin tamami ilə itirmiş şəxslərin dərzi, qidaların hazırlanması, digital texnologiyaların idarə edilməsi, o cümlədən proqramların hazırlanması və idarə edilməsi və s. kimi çoxsaylı sahələrdə bacarıqları vardır. Lakin, onların çoxu bu bacarıqları müvafiq istehsal şərtlərinə (texnika və avadanlıqlar) sahib olmadıqları üçün istifadə edə bilmirlər. Müvafiq problem, yəni ilkin kapital çatışmazlığı sağlam vətəndaşlar üçün də bənzər xarakterlidir. Bu kimi hallarda dövlətin dəstək mexanizmləri, o cümlədən özünüməşğulluq proqramından istifadə etməklə problemi həll etmək olur. Lakin, “əmək qabiliyyətsiz” ifadəsi əlillərin özünüməşğulluq proqramlarından istifadəsi mümkünsüz edir. Müvafiq yanaşma məşğulluğun bütün sahələrində üzə çıxır. Məsələn “əmək qabiliyyətsiz” statusu olan bir əlilə onun bacaracağı işi belə vermək istəyən işəgötürən qanun pozuntusu etmiş sayılır ki, bu da biznesin belə əlillərin məşğulluğunun təmin edilməsi prosesində iştirakına maneə yaradır

Qeyd edilən məqamı/problemi nəzərə alaraq əlillik diaqnozunun qoyulması və əlilin statusunun müəyyən edilməsi zamanı “Əmək qabiliyyətsiz” anlayışından istifadə şərtlərinin dəqiqləşdirilməsi və “Əmək qabiliyyətsiz”  və “məhdud əmək qabiliyyətli” ifadələrindən paralel istifadə edilməsi tövsiyə edilir. Beləliklə, I qrup əlillərin özününməşğulluq proqramından istifadəsi və yaxud qanuni əmək bazarında iştirakı üçün hüquqi əngəl yaradan amillər aradan qalxacaq, həmin şəxslərin iqtisadiyatda yaradılan əlavə dəyərdə iştirakı imkanı artacaq (inkluzivlik), həmçinin həmin şəxslərin rifahı ilə onların fərdi bacarıqları, təşəbbüskarlığı arasında düz mütənasibliyi təmin edən mühit formalaşacaq, sosial təminat səviyyəsi yüksələcək.

Özünüməşğulluq proqramı icrasında ortaya çıxan digər mühüm problemlərdən biri isə aktivlərin verilməsində baş verən gecikmələrdir. Proqram itirakçıları ən çox bu problemdən şikayət edirlər. Bəzən gecikmələr 3 il və daha artıq müddət davam edir. Bu isə haqlı olaraq etirazların yaranmasına, təlimlər zamanı qazanılan biliklərin itirilməsinə, həyat planlamalarının dəyişməsi və ümidsizliyə səbəb olur.

Aiddiyyəti qurumlarların təmsilçilərinin izahatlarında aydın olur ki, gecikmələrin bir sıra səbəbləri olsa da hər bir rayon üzrə ayrılan biznes-paketlərə müəyyən edilən kvotalar ən mühüm problemlər sırasına daxildir. Həmçinin aydın olur ki, bir sıra biznes-paketlər ayrıldığı halda il ərzində həmin paketlərdən istifadə üçün müraciət edən olmur. Beləliklə hesab edirik ki, yuxarıdan aşağıya planlamanı hazırki fiziki (aktivlər üzrə planlama) modelindən fiskal planlama və aşağıdan yuxarıya aktiv sifarişi planlamasına keçid problemi aradan qaldıra bilər.

Biznes-paketlərin ayrılması üzrə kvotaların regional tələbə uyğunlaşdırılmasına ehtiyac vardır. Bunun üçün daha yaxşı olar ki, rayonlar üzrə konkret biznes-paketlər deyil, həmin rayonlar üzrə dəsyətin maliyyə məbləğinin yuxarı həddi əvvəlcədən müəyyən edilsin. Biznes paketlər isə təlimlərə cəlb edilənlərin seçdiyi fəaliyyət sahələri nəzərə alınmaqla prosesin növbəti mərhələsində sifariş edilərək alınsın. Nəticədə biznes-paketlərin tələbə uyğunlaşdırılması, özünüməşğulluq proqramının səmərəli və daha sürətli (gecikmə olmadan) təşkili və narazılıqların aradan qalxmasına səbəb olacaqdır, həmçinin dövlət vəsaitlərin səmərəli istifadəsi istiqamətində əlverişli imkan yaranacaq.

Əlbətdə ki, özünüməşğulluq proqramın davam etdirilməsi arzuediləndir. Lakin, proqramın səmərəliliyinin təmin edilməsi də dövlət vəsaitlərinin istifadəsi aspektindən vacib faktorlardan biridir. Bunun üçün kənar auditin və yaxud monitorinqlərin təşkil edilməsi faydalı ola bilər. Bu monitorinqlərin nəticəsində özünüməşğulluq proqramları çərçivəsində dəstəklənən biznes planların neçə faizinin uğurlu biznesə çevrildiyi müəyyən ediləcəkdir ki, bu da proqramın maliyyələşdirilməsinə ayrılan vəsaitlər fonunda əldə edilən nəticələrin nə qədər səmərəli olduğunu müəyyən etmək üçün imkan anlamına gəlir. Təəssüf ki, bu gün özünüməşğulluq proqramı haqqında açıqlanan məlumatların strukturu müvafiq qiymətləndirmələrin aparılması və səmərəlilik əmsalının ölçülməsi üçün kifayət deyil.

Sonda onu da qeyd edək ki, proqramın maliyyə mənbələri daimi genişlənir. Bu isə onun əhatəliliyinin artırılması və xüsusi ilə də prosesin şəffaflığının, hədəfliliyinin təmin edilməsi istiqamətində ciddi çağırışlar yaradır. Qeyd edək ki, özünüməşğulluq proqramının maliyələşdirilməsi məqsədi ilə 2023-cü ildə təkcə İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına 87.5 milyon manat vəsait ayrılacaq ki, bu da 2021-ci illə müqayisədə 23.6 milyon manat, 2022-ci ilin gözlənilən göstəricisi ilə müqayisədə isə 11.4 milyon manat çoxdur. Növbəti ildə ayrılan vəsait hesabına 10.6 min şəxsin biznes planının dəstəklənə biləcəyi proqnozlaşdırılır. Həmçinin 2023-cü ildə bir zərf üçün ayrılan vəsaitinin proqnozlaşdırılan məbləği 7.5 min manata (2022-ci illə müqayisədə 1000 manat artıq) çatacaq ki, bu da zərf üzrə keyfiyət və kəmiyyət dəyişikliyinə imkan yarada bilər.