Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Yanvarın 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.