Osloda 2022-ci il üzrə Nobel Sülh mükafatı təqdim olunub

Osloda 2022-ci il üzrə Nobel Sülh mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, mərasimdə 2022-ci il üzrə mükafat belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.

Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen deyib ki, çoxsaylı böhran və çağırışlar qarşısında dünyanın fədakar elm adamlarına və insanlara ehtiyacı var. Yaşadığımız dünyanın o alimlərə ehtiyacı var ki, onlar fədakarlıq göstərərək mübarizəni davam etdirir, sülhə nail olmaq üçün təcavüz qarşısında belə insan ləyaqətini qorumaqda davam edirlər.

Qeyd edək ki, Nobel mükafatı laureatları hər il dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlərdə təqdim edilir. Mərasimlər 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin xatirəsinə həsr olunur. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.