Orenburq vilayətində alkoqol zəhərlənməsindən 17 nəfər ölüb

Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan zəhərlənənlərin sayı 33 nəfərə yüksəlib, onlardan 17-si ölüb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, zəhərlənənlərin qanında təmiz etanol aşkarlanıb. Bəzi hallarda orqanizmdə onun konsentrasiyası ölümcül dozadan üç-beş dəfə yüksək olub.

Vilayətdə operativ tibbi qərargah təşkil edilib. Regionun qubernatoru ərazi rəhbərlərinə qeyri-leqal alkoqol məhsulların alınması və istifadəsinin yolverilməz olduğu barədə əhalinin təcili məlumatlandırılmasını tapşırıb.

Polis işçiləri və müstəntiqlər Orsk şəhərində saxta alkoqol istehsal edən məntəqə və anbar aşkarlayıb, xeyli miqdarda spirtli içki müsadirə edilib. Üç nəfər şübhəli şəxs saxlanılıb.