Oqtay Əsədov deputatları bir-birinə qarşı dözümlü olmağa çağırıb

“Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı parad keçirildi. Bu, Rusiya meyilli siyasətçiləri, o cümlədən də deputat Araz Əlizadəni qıcıqlandırmışdı. Mənim çıxışımda Araz Əlizadəni qıcıqlandıran o idi ki, demişdim, Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır”.

Türk.az-ın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev parlamentin oktyabrın 1-də keçirilən ilk plenar iclasında deyib.

O qeyd edib ki, Araz Əlizadə indiki çıxışları ilə keçmişini unutdura bilməz, onun hara bağlı olduğunu hər kəs yaxşı bilir: “Araz Əlizadənin sabiq prezident Ayaz Mütəllibovla əlaqəsi, 1990-cı illərdə parlamentdəki çıxışlarını yaxşı xatırlayırıq”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq deyib ki, bir-birinizə qarşı dözümlü olun: “Sözümüz varsa, ümumi danışmayaq. Heç kəsin xətrinə dəymək istəmirəm. Bir-birinizə qarşı dözümlü olun”.