Nigeriya müxalifəti prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir

Çərşənbə günü prezident seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddiaları xüsusi məhkəmə tərəfindən rədd edilən Nigeriya müxalifətinin liderləri çıxarılan hökmlə razılaşmadıqlarını və ölkənin Ali Məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar.

“Report” xəbər verir ki, bu barədə Nigeriyanın “Premium Times” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, fevral ayında keçirilən seçkilərdə uduzan Atiku Abubakar və Piter Obi bir çox qanun pozuntusunun olduğunu düşündüyündən baş tutmuş səsvermənin etibarsız sayılması üçün məhkəmə çəkişmələrini davam etdirəcəklərini açıqlayıblar. Onların vəkilləri Ali Məhkəməyə şikayət edəcəklərini açıqlayıb. Bunun üçün isə onların 60 günü var.

Xatırladaq ki, çərşənbə günü Nigeriyanın xüsusi seçki məhkəməsi həm Abubakar, həm də Obinin hazırkı dövlət başçısı Bola Tinubunun qazandığı prezident seçkilərinin nəticələrinin ləğv olunması iddialarını rədd edib. Məhkəmənin sədri Haruna Tsammani bildirib ki, onlar prezident seçkilərindən qanunsuzluq olmasına dair mövqelərini təsdiqləyərək heç bir inandırıcı dəlil təqdim edə bilməyiblər.